Paşha Bank
Bank Of Baku

Soltan Məmmədov: İlkin səhiyyə xidmətlərinə və uşaqların reabilitasiyasına ayrılan resurslar artırılmalıdır

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 06 noyabr 2026 13:22 (UTC +04:00)

Milli Məclisin deputatı Soltan Məmmədov ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün əlavə resursların ayrılmasını təklif edib.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini qeyd edərək bildirib ki, cari xərclərin 90 faizdən çoxunun qeyri-neft-qaz sektoru gəlirləri hesabına təmin edilməsi və bu göstəricinin 2030-cu ildə 100 faizə çatdırılması büdcənin dayanıqlı inkişafının göstəricisidir.

Soltan Məmmədov sosialyönümlü xərclərin artımını, məşğulluq tədbirlərinin genişləndirilməsini və sosial sığorta ödənişlərinin yüksəlməsini müsbət qiymətləndirib.

O, səhiyyə sahəsində islahatların uğurlu həyata keçirilməsi üçün ilkin səhiyyə sisteminin gücləndirilməsinin vacibliyini vurğulayıb. Deputat ambulatoriya və poliklinikalara ayrılan vəsaitin ümumi səhiyyə büdcəsindəki payının nisbətən az olduğunu deyərək, icbari tibbi sığorta fondunun xərcləri də nəzərə alınmaqla ilkin səhiyyə xidmətlərinə ayrılan vəsaitin ümumi icmal büdcədəki payının açıqlanmasını istəyib.

Soltan Məmmədov həmçinin icbari tibbi sığorta fondunun gəlirlərinin artımını və 2027-ci ildə xərclərin əhəmiyyətli hissəsinin əvvəlki illərdən istifadə olunmamış vəsait hesabına formalaşmasını nəzərə alaraq, gələcək illərdə fondun maliyyə təminatının hansı mənbələr hesabına həyata keçiriləcəyinin aydınlaşdırılmasının vacibliyini qeyd edib.

Deputat xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası məsələsinə də toxunub. O bildirib ki, neyroinkişaf fərqlilikləri, genetik anomaliyalar və beyin zədələnmələri olan uşaqlar dövlət reabilitasiya mərkəzlərində xidmət alsalar da, bu uşaqların sayının artması əlavə resurslara ehtiyac yaradır.

Onun sözlərinə görə, özəl sektorda da bu xidmətlər göstərilir və gələcəkdə müvafiq dövlət və məqsədli proqramlar çərçivəsində həmin istiqamətə əlavə vəsait ayrılması problemin həllinə mühüm dəstək ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR