Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, toxum əməliyyatçılarının seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyata alınmadan toxumçuluq sahəsində fəaliyyət göstərilməsinə və toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.