Beynəlxalq əməkdaşlıq sahəsində əsas məqsədimiz Azərbaycanın üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov deyib.
ANAMA sədri bildirib ki, ümumiyyətlə, Azərbaycanda həyata keçirilən mina təmizləmə fəaliyyətinə ANAMA ilə yanaşı, həm dövlət, həm də özəl qurumlar, eləcə də qeyri-hökumət təşkilatları cəlb olunub: “ANAMA-dan başqa, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, bir qeyri-hökumət təşkilatı və beş yerli şirkət bu prosesdə iştirak edir. Ümumilikdə, hər bir qurumun öz rolu, məsuliyyət sahəsi və fəaliyyət göstəriciləri var. Bu sahədə mövcud problemləri, problemin miqyasını və qarşılaşdığımız çətinlikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır, beynəlxalq konfranslar təşkil edirik. Növbəti konfransımızın da sentyabr ayının əvvəllərində keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, müxtəlif təşkilatlar tərəfindən fərqli tədbirlərə dəvət olunuruq və həmin tədbirlərdə iştirak edərək mina təhlükəsi, bu sahədə görülən işlər və fəaliyyətimizin xüsusiyyətləri barədə məlumat veririk. Şübhəsiz ki, mina təmizləmə fəaliyyəti olduqca spesifik sahədir. Burada çalışan minaaxtaranlar və minatəmizləyənlər tələsmədən, böyük diqqət və peşəkarlıqla fəaliyyət göstərirlər. Bu işin öz qaydaları və təhlükəsizlik tələbləri var. Mina təmizləmə həm çətin, həm də yüksək peşəkarlıq tələb edən bir prosesdir”.