Bakı. Etibar Məmmədov-APA. Bu gün Bakıda “Ermənilər Amerikada” adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Qax və Xızı rayonlarının sabiq icra hakimiyyəti başçısı, keçmiş millət vəkili Maksim Musayev müəllifi olduğu kitab haqqında məlumat verərək, kitabda Amerika qitəsi ölkələrində yaşayan erməni icması barədə məlumatların, tarixi faktların və fikirlərin yer aldığını deyib. O, kitabın ərsəyə gəlməsində müxtəlif mənbələrdən, o cümlədən ermənilərin müəllifi olduğu ayrı-ayrı kitablardan istifadə etdiyini qeyd edib. Müəllif xarici ölkələrdə rəsmi və qeyri-rəsmi səfərlərdə olarkən, erməni tərəfinin nümayəndələri ilə görüşləri zamanı söhbətlərdən yaranmış bəzi təəssüratlarını da kitaba daxil etdiyini bildirib.
M. Musayevin sözlərinə görə, xaricdə yaşayan ermənilər özləri də etiraf ediblər ki, onlar İrəvanda yaşamaqdansa, ABŞ həbsxanalarında qalmağı üstün tuturlar. Çünki onların vətənində vəziyyət çox acınacaqlıdır.
Müəllif kitabın bir neçə dilə tərcümə olunmasının vacib olduğunu deyib.
Qeyd olunub ki, kitabın mənbə bazasını Ermənistan dövlət idarələrinin materialları, Ermənistan XİN məlumatları, ikitərəfli və çoxtərəfli dövlət müqavilələri, ölkə rəhbərlərinin çıxışları, beynəlxalq konfransların sənədləri və bir sıra digər mənbələr təşkil edir.