Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012-ci ildə keçirilmiş qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən gənclər haqqında məlumatları özündə əks etdirən “Abituriyent” jurnalının 11-ci sayı çapdan çıxıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə məktəb şagirdlərinin təhsilə daha da həvəsləndirilməsidir. Burada hər bir yüksək ballı gəncin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta məktəb haqqında məlumatlar, bilik yarışı rekordçuları ilə müsahibələr, onların gələcək abituriyentlərə məsləhət və tövsiyələri, imtahanların gedişi barədə rəyləri və təklifləri verilib.
Qeyd edək ki, 2012/2013-ci tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 100621 abituriyent iştirak edib. Onlardan 1226 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir.
600-dən yuxarı bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycanın xüsusi təyinatlı ali təhsil müəssisələrinə 16 nəfər, Türkiyənin xüsusi təyinatlı ali təhsil müəssisələrinə isə 4 nəfər daxil olanlar da var. Yüksək nəticə göstərənlər I qrupda 234, II qrupda 297, III qrupda 350, IV qrupda 345 nəfərdir.
Qəbul imtahanlarında 5 nəfər maksimal nəticə - 700 bal toplamışdır. Onların 2 nəfəri II qrupun, 1 nəfər III qrupun, 2 nəfər isə IV qrupun abituriyentləridir.
2012/2013-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 gəncə Prezident təqaüdü təyin edilib.