Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsində bu ilin yaz sessiyası çərçivəsində 6 yeni qanunun, daha 3 qanuna əlavə və dəyişikliklərin müzakirəsi planlaşdırılıb.
APA-nın məlumatına görə, bu barədə komitənin bu gün keçirilən iclasında sədr Hadı Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, yeni qanunlar “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların sağlamlığı və asudə vaxtının təşkili haqqında”, “Gənc ailələrin sosial müdafiəsi haqqında”, “Sosial sifariş haqqında”, “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” və “Sosial ipoteka haqqında” qanunlardır. Bundan başqa, Ailə Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna və valideyn himayəsindən məhrum olmuş uşaqların pulsuz təhsili ilə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub: “Bütün sadalanan sənədlərin hamısı komitənin müzakirəsindən keçirilərək Milli Məclisin plenar iclasına təqdim olunması nəzərdə tutulub”.
H.Rəcəbli onu da deyib ki, sadalananlardan başqa, Prezident Administrasiyasından yeni qanunların təqdim olunması da gözlənilir ki, onlar da yaz sessiyasında müzakirəyə çıxarıla bilər.