Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Cooğrafiya İnstitutunda “Azərbaycanın sürüşmə təhlükəliliyi xəritəsi” tərtib olunub və ölkə ərazisi sürüşmə təhlükəliliyinə görə rayonlaşdırılıb. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, Coğrafiya İnstitutu tərəfindən “Azərbaycanın sel təhlükəliliyi xəritəsi” də tərtib olunub: “İnstitutda sürüşmə və sel təhlükələrinə dair aparılan araşdırmalar əsasında “Azərbaycanın dinamiki gərginlik xəritəsi” də yaradılıb. Bu xəritədə xüsusi təhlükəli zona (“qırmızı zona” adlanan əraziyə dağlıq zonalar - Şəki-Zaqatala, İsmayıllı-Ağsu-Şamaxı zonası, Xızı-Siyəzən-Şabran, Qubanın dağlıq hissəsi), nisbətən az təhlükəli və sabit ərazilər (bura əsasən düzənlik ərazilər daxildir) ayrılıb”.
E.Əlizadə deyib ki, hazırda Coğrafiya İnstitutu tərəfindən Elmin İnkişafı Fondunun maliyyə qrantı əsasında Şamaxı rayonunun Muğanlı kəndi əsasında pilot layihə həyata keçirilir. Yanvarın 1-dən başlayan “Şamaxı rayonunun Muğanlı bələdiyyəsi ərazisində sürüşmələr və onların modelləşdirilməsi” layihəsi çərçivəsində konkret ərazilər üçün sürüşmə modeli qurulacaq. Həmin sürüşmə modeli sonradan ölkə ərazisindəki digər sürüşmə sahələrinə də tətbiq ediləcək. Üçölçülü sürüşmə modeli əsasında sürüşmə materialı, onun həcmi, sürüşmə intensivliyi, hərəkət mexanizmi, hansı həddə qədər təhlükə yaratması, sürüşmənin qarşısını almaq yolları öyrəniləcək.
Şöbə müdirinin sözlərinə görə, havaların yağıntılı keçməsi ölkə ərazisindəki, xüsusilə də Bakıdakı sürüşmə sahələrində aktivliyi artıra bilər: “Şəhidlər Xiyabanından Teleteatra qədər olan ərazi, Badamdar, Yeni Günəşli, Qaraçuxur sürüşmə sahələrində aktivlik arta bilər. Nəmlik artan kimi suxurlar hərəkətə gəlir. İstinad divarları çəkilməyibsə, drenaj quyuları qazılıb artıq sular çəkilməyibsə, sürüşmə qaçılmazdır”.