Bakı. Kəmalə Quliyeva - APA. Ölkə prezidentinin 2011-ci ildə verdiyi sərəncama əsasən tərtib olunacaq “Azərbaycanın Milli Atlası”na 1500 xəritə daxil ediləcək.
APA-nın xəbərinə görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin 2012-ci ilin yekunlarına həsr olunan iclasında bölmənin akademik katibi Arif İsmayılzadə deyib.
Onun sözlərinə görə, sərəncamın icrası ilə əlaqədar Yer Elmləri Bölməsinin institutlarının əməkdaşları tərəfindən müvafiq işlər görülüb. Geologiya və Coğrafiya institutları “Azərbaycanın Milli Atlası”na daxil ediləcək 400-dən artıq xəritəni hazırlayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edib.
A.İsmayılzadə deyib ki, ötən il Coğrafiya İnstitutu tərəfindən Xarici İşlər Nazirliyinin müraciəti ədasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən coğrafi adların erməniləşdirilərək dəyişdirilən toponimləri haqqında araşdırma aparılıb. Müəyyən edilib ki, Ermənistan tərəfindən Azərbaycan toponimləri saxtakarlıqla dəyişdirilib və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz edilib.