Bakı. Etibar Məmmədov – APA. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) “Elektron hökumət layihəsi üzrə maarifləndirmə işi” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə vətəndaşların elektron xidmətdən istifadəsi sahəsində vəziyyət, elektron xidmətlərin təhlükəsizliyi, “ASAN xidmət” mərkəzlərindən istifadə mövzusunda müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Onlayn İfadə Təşəbbüsü Kampaniyasının üzvü, RATİ sədri Emin Hüseynov elektron xidmət sahəsində uğurlu layihələrdən və nöqsanlardan danışıb. E. Hüseynov bildirib ki, hazırda özəl sektorların inkişafı sahəsinə qoyulan yatırımlar kifayət qədər deyil. Xarici investisiyanın da bu sahəyə cəlb olunmasının vacibliyini qeyd edən RATİ sədrinin sözlərinə görə, bununla yanaşı, yaxın günlərdə Azərbaycan peykinin orbitə buraxılması informasiya sahəsində uğurlardan sayılmalıdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin böyük məsləhətçisi İlqar Mahmudov isə TQDK-nın elektron xidmətlə bağlı gördüyü işlər və gələcək planları haqqında məlumat verib: “Komissiyanın gələcək planları abituriyentlərə sənəd qəbulu komissiyalarına müraciət etmədən öz ərizələrini elektron imzadan istifadə etməklə təsdiqləmək imkanı yaratmaq, elektron attestat və virtual açıq apelyasiya-bütün imtahan iştirakçılarına öz cavab kartlarına internetdə baxmaq imkanı yaratmaqdan ibarətdir”.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov “ASAN xidmət”in yaradılması və məqsədləri haqqında danışıb. Onun sözlərinə görə, 21 gün ərzində xidmətdən 9 mindən artıq vətəndaş istifadə edib və bu da böyük göstəricidir: “Xidmət hal-hazırda Nərimanov və Nəsimi rayonları üzrə fəaliyyət göstərir. Lakin Sumqayıt və Gəncə şəhərlərində də xidmətin yaradılması nəzərdə tutulur. Biz sosial şəbəkələr vasitəsilə də əhaliyə xidmət və onun yenilikləri haqqında məlumat veririk”.
Ekspert Ələsgər Məmmədli də 2012-ci ildə elektron xidmət sahəsində atılan addımları yüksək qiymətləndirib.