Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində həyata keçirilən «Təmiz Qala» tullantıların çeşidlənməsi layihəsi çərçivəsində sentyabr-noyabr ayları ərzində Qala, Şüvəlan, Türkan və Zirə qəsəbələrinin orta məktəb şagirdləri üçün bir sıra seminarlar təşkil edib.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, maarifləndirici seminarlarda VIII-IX sinif şagirdlərinə ilk öncə tullantıların mənşəyi, növləri, onları ətraf mühitə təsiri və onların çeşidlənməsi və düzgün şəkildə zərərsizləşdirməsi haqqında qısa məlumat verilib.
Həmçinin, ekspertlər – İqtisadi Araşdırmalar Mərkəzi və «Təbiət və Həyat» İctimai Birliyinin nümayəndələri şagirdlərə ətraflı şəkildə müxtəlif tullantı növlərinin təbiətə vurduğu zərər, əhali tərəfindən onlarla düzgün rəftar etmə qaydaları və tullantıların düzgün şəkildə zərərsizləşdirməsi nəticəsində ətraf mühitin qorunması ilə yanaşı təbii resurslara qənaət olunması haqqında məlumatlandırıblar. Ekspertlər məktəblilərin suallarını cavablandırdıqdan sonra tullantıların çeşidlənməməsinin səbəbləri haqqında şagirdlərlə müzakirələr aparıblar.
Şagirdlərə əldə etdikləri bilikləri tətbiq etməyə təşviq etmək məqsədilə əyani maarifləndirici vəsaitlər, loqotipli maykalar və dəftərxana ləvazimatları paylanıb.