Bank Of Baku

ADPU-da Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı keçirilib

ADPU-da Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı keçirilib
# 21 noyabr 2012 14:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, nazirliyin müvafiq strukturlarının rəhbərləri və digər səlahiyyətli şəxslər iştirak edib.

Tədbirdən öncə Təhsil Nazirliyinin və UNİSEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə hazırlanan yeni təlim mərkəzinin açılışı olub. Açılışda nazir Misir Mərdanova məlumat verilib ki, mərkəzdə universitetin müəllim heyəti müvafiq təlimlərdən keçib və təhsil sistemindəki yeniliklərlə tanış olublar.


ADPU-nun rektoru Yusif Məmmədov bildirib ki, bu gün universitetdə tələbələrə müasir təhsil vermək üçün müəllimlər özləri də müəyyən biliyə malik olmalıdır: “Pedaqoji heyətin özü müasir təlim texnologiyalarına cavab vermək üçün öz üzərilərində daima işləməli və daha da savadlanmalıdır. Artıq universitetin 137 əməkdaşı, əsasən prorektor, dekan və şura sədrləri müvafiq təlimlərdən keçib. Onların kurslardan keçirilməsi sonrakı fəaliyyətlərinə müsbət təsir göstərəcək”.

UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə yeni təlim texnologiyalarının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetdə açılan yeni mərkəzin açılışı pedaqoji təhsil verən ali təhsil ocağında müəllimlərin inkişafına yol açacaq: “Bütün bu yeniliklərin hamısı Azərbaycan gəncliyinin inkişafına xidmət edir və bu proseslər gələcəkdə də davam etdirilməlidir”.

 

Təhsil naziri Misir Mərdanov qeyd edib ki, müstəqillik dövründə Azərbaycanın bütün sahələrində olduğu kimi, təhsil sistemində də yeniliklərə imza atılıb: “Azərbaycan təhsilinin dünyaya inteqrasiyası istiqamətində bir çox işlər görülməlidir. Amma təbii ki, bunun üçün 2 milyon təhsil alana dərs deyən müəllimlərin və valideynlərin hazırlanması lazımdır. Bugünkü vəziyyət isə hələ də qaneedici deyil”.

Tədbirin sonunda təlimlərdən keçən müəllimlərə sertifikatlar təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR