Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Akademiya alimlərini dövlət qurumları və ayrı-ayrı şirkətlərlə əməkdaşlığa çağırıb. APA-ya açıqlamasında M. Kərimov bildirib ki, bu yolla alimlər elmin stimullaşdırılması yollarını artıra bilərlər: “AMEA büdcə vəsaitlərindən başqa əlavə investisiyalar da alır. Bu il AMEA-nın aldığı investisiyaların həcmi 43 milyon manat təşkil edəcək. Bu, AMEA-nın illik büdcəsinin 50 faizindən də çoxdur”.
M. Kərimov qeyd edib ki, hazırda Elmin İnkişafı Fondu, ARDNŞ-ın nəzdində yaradılan Elm Fondu da elmi tədqiqatlara maliyyə ayırır: “Rabitə və İnformasiya Nazirliyinin xətti ilə 10 nəfər AMEA əməkdaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışır. Belə layihələrdə uğurlu iştirak AMEA alimlərindən çox asılıdır. Alimlər təsərrüfat hesablı işlərin yerinə yetirilməsində maraqlı olmalıdırlar. Ötən il bu layihələrin sayı çox olmayıb. Müxtəlif şirkətlər, sənaye müəssisələri, dövlət qurumları ilə işləmək, tədqiqatları təqdim etmək, müqavilələr bağlamaq lazımdır. Bizim fəallığımızdan da çox şey asılıdır”.