Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aqrar Elmlər Bölməsinin akademik-katibi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov ölkədə aqrar elmlər sahəsində pərakəndəliyin olmasından narazılıq edib.
APA-nın xəbərinə görə, bölmənin bu gün keçirilən hesabat iclasında çıxış edən Q.Məmmədov bildirib ki, ölkə prezidenti aqrar elm qarşısında çox mühüm vəzifələr qoyub. Bu vəzifələrin səmərəli icrası üçün aqrar sahədə elmi fəaliyyətlərin canlandırılması və elmi tədqiqatların koordinasiyasının dövrün tələbləri səviyyəsində gücləndirilməsi vacibdir: “Söhbət ölkədə aqrar elmin nüfuzunun artırılması, onun Azərbaycan iqtisadiyyatının və xalqın rifahının gələcəyinə hədəflənmiş inkişaf strategiyasının hazırlanmasında rolundan gedir. Etiraf edək ki, hazırda bu sahədə, xüsusən koordinasiya məsələlərində xeyli çatışmazlıqlar və ciddi nöqsanlar mövcuddur. Bu çatışmazlıqlardan ən başlıcası respublikanın aqrar elmində mövcud olan pərakəndəlikdir”.
Q.Məmmədovun sözlərinə görə, ölkədə aqrar elm ümumən çox aşağı səviyyədə qalmaqda davam edir: “Ötən hesabat dövrünün təhlili göstərib ki, Genetik Ehtiyatlar İnstitutu və qismən də Torpaqşünaslıq və Aqrokimya İnstitutu istisna olmaqla, ölkədə aqrar sahədə fəaliyyət göstərən heç bir tədqiqat müəssisəsində ciddi elmi axtarışlar aparılmır. Aqrar Elmlər Bölməsinə daxil olmayan elmi-tədqiqat müəssisələrindən yalnız 6-dan hər hansı nəticə almaq mümkün olub ki, onların da əksəriyyəti aşağı səviyyədədir”.