Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2012-ci ildəki elmi və təşkilati fəaliyyəti haqqında hesabatını qəbul edib. APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Bölmənin akademik katibi Akif Hacıyev bildirib ki, hesabat ilində Bölmə institutlarında 26 problemə aid 82 mövzu üzrə 349 tədqiqat işi aparılıb. 2012-ci ildə 40 elmi-tədqiqat işinin nəticəsinin xalq təsərrüfatına tətbiqi üçün zəruri tədbirlər görülüb, 30 nəticə artıq tətbiq olunub.
Hazırda Bölmənin müəssisələrində 1905 nəfər işçi çalışır ki, bunlardan 1060 nəfəri elmi işçidir. Elmi işçilərin 173 nəfəri elmlər doktoru, 463 nəfəri isə fəlsəfə doktorudur. Bölmədə 16 akademik, 22 müxbir üzv çalışır. Bu il Bölmə əməkdaşları tərəfindən 43 dissertasiya işi müdafiə edilib, 38 işi isə müdafiəyə hazırlanıb. Patent almaq üçün 26 iddia sənədi verilib, 15 patent alınıb. Bu patentlərin 4-ü ABŞ və Rusiya Federasiyası patentidir.
Rəyasət Heyətinin qərarına əsasən, Bölmənin hesabatı qəbul edilib və AMEA-nın illik hesabatına daxil olunub. RH-nin qərarı ilə Riyaziyyat və Mexanika İnstitutuna İnstitutun yeni ayrılmış binaya köçürülməsi və yeni tədqiqatların təşkili, müasir tələblərə uyğun iş şəraitinin təmin edilməsi üçün zəruri tədbirlər planı hazırlamaq, Kibernetika İnstitutuna seysmoakustik intellektual telemetrik stansiyanın əlavə 5 dayaq nöqtəsinin qurulması və respublikanın ərazisinin tam əhatə edilməsi üçün zəruri tədbirləri icra etmək, Şamaxı Astrofizika Rəsədxanasına kiçik teleskopların avtomatlaşdırılması üçün zəruri tədbirlər barədə təkliflər hazırlayıb təqdim etmək, Radiasiya Problemləri İnstitutuna 2012-ci ildə Akademiya şəhərciyində yenidənqurma işləri ilə əlaqədar sökülmüş alternativ enerji mənbələri üzrə təcrübi sınaq sahəsinin bərpası üçün zəruri tədbirlər planı hazırlamaq tapşırılıb. Qərarda İnformasiya Texnologiyaları İnstitutuna “Elektron Elm” Mərkəzinin yaratmaq, İnformasiya təhlükəsizliyi problemləri üzrə I Respublika elmi-praktiki konfransını keçirmək və AzScienceNet elm kompüter şəbəkəsinin texniki imkanlarının artırmaq və infrastrukturunu genişləndirmək də həvalə olunub.