Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, Xəzərlə bağlı elmi tədqiqatları daha dərindən aparmaq üçün belə tədqiqat gəmisinə böyük ehtiyac var: “AMEA-nın Sovet dövründən qalma gəmisi var. O lap köhnəlib, biz onu təmir edə bilmirik, bunun üçün böyük vəsait lazımdır”.
AMEA prezidenti qeyd edib ki, elmi tədqiqat gəmisinin qiyməti çox bahadır. Bu gəmini almağa AMEA-nın öz gücü çatmayacaq: “Gərək bunun üçün dövlətdən vəsait istəyək. Bu, xüsusi təyinatlı və çox bahalı tədqiqat gəmisi olacaq. Onun üstündə tədqiqat aparmaq üçün müxtəlif cihazlar və geoloji, bioloji, ekoloji avadanlıqlar olacaq. Belə təklifin reallaşması vaxt və vəsait tələb edir”.
M. Kərimov bildirib ki, AMEA hazırda Şamaxı Astrofizika Rəsədxanasında yeni teleskopun quraşdırılması üçün də ölkə başçısına müraciət edib: ”Bu teleskopun quraşdırılması ən azı 200 milyon manat tələb edir. Tədqiqat nüvə reaktorunun quraşdırılması da gündəmdədir. Onun da qiyməti çox böyükdür. Azərbaycan zəngin ölkədir və iqtisadi imkanları da yetərincədir. Mənə elə gəlir ki, AMEA-nın təklifləri tədricən reallaşacaq”.