Bakı. Viktoriya Dementyeva-APA. Bakıda “Merlər razılaşması” təşəbbüsünə həsr olunmuş məlumat seminarı keçirilir. APA-nın məlumatına görə, seminarda Azərbaycan bələdiyyələrinin nümayəndələri yerli, regional və ümummilli hakimiyyət orqanlarının şəhərlərin enerji effektivliyi və enerji təhlükəsizliyinin artırılmasına, o cümlədən 2020-ci ilədək kabrohidrogen tullantılarının həcmini 20 faizədək azaltmağa dair üzərinə götürdüyü öhdəliklərə dair Avropa Birliyinin təşəbbüsü ilə tanış olublar.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Frederiko Berna bildirib ki, AB Azərbaycanda yaşıl iqtisadiyyatın və alternativ enerji mənbələrinin inkişafını dəstəkləyir: “Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində müəyyən uğurlara imza atıb. Kioto protokolu çərçivəsində Azərbaycanda karbohidrogen tullantılarının səviyyəsi iki dəfə azalıb, həmçinin ətraf mühitin mühafizəsinə imkan verən 20-dək sazişə qoşulub, içməli suyun keyfiyyətinin qaldırılmasına dair layihələr reallaşdırır”.
Seminarda Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti Fərhad Əliyev və Sənaye və Energetika Nazirliyinin investisiya şöbəsinin rəhbəri, İNOGATE proqramının ölkədəki koordinatoru Ramiz Rzayev Azərbaycanın enerji effektivliyi siyasəti barədə məlumat verib, İqlim Dəyişiklikləri və Ozon Mərkəsinin direktoru Gülmalı Süleymanov qlobal iqlim dəyişiklikləri və yerli şəraitə uyğunlaşma mövzusunda məruzə edib. “Merlər razılaşması” təşəbbüsünün Tiflis Ofisinin nümayəndəsi Xatuna Siçinava təşəbbüsün məqsədləri, karbohidrogen tullantılarının həcmini 2020-ci ilədək minimum 20 faiz azaltmaq yolları barədə məlumat verib.
“Merlər razılaşması” təşəbbüsü Avropa Birliyinin 4416 şəhərini, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionundan 49 şəhəri öz sıralarında birləşdirir. Avropa Komissiyası bu təşəbbüsün Katibliyinin Lvov və Tiflisdə filiallarının yaradılmasını nəzərdə tutan “Merlər razılaşması – Şərq” adlı xüsusi layihə reallaşdırıb. Bu layihə çərçivəsində Azərbaycanın şəhərlərinə məqsədyönlü dəstək həyata keçiriləcək. Qeyd edək ki, “Merlər razılaşması”nda Azərbaycandan hələlik bir bələdiyyə iştirak edir.
Sabah Lənkəranda, yanvarın 28-də isə Gəncədə analoji seminarlar keçiriləcək.