BMT-nin Bakı Ofisinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunub ki, Əfqanıstanın gələcəyi həm regional, həm də qlobal təhlükəsizlik və sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan aparıcı beynəlxalq tərəf müqabilələri ilə bərabər Əfqanıstanın qarşısında duran problemlərin həll edilməsində qardaş əfqan xalqını fəal dəstəkləyir”.
Qeyd olunub ki, Azərbaycanın beynəlxalq səviyyədə fəal mövqe tutaraq qlobal əhəmiyyət kəsb edən proseslərdə sadəcə olaraq, təcrübə mübadiləsi ilə kifayətlənməyərək mötəbər donor ölkələri sırasına daxil olmaqdadır. Azərbaycan Beynəlxalq İnkişaf Yardım Agentliyinin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi bu təşəbbüs həm qardaş əfqan xalqı, həm də Əfqanıstanın inkişafına dəstək verən digər ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməkdədir. Azərbaycan hökuməti tərəfindən ayrılan bu məbləğin Əfqan hökumətinin elektron idarəçilik üsullarının pilot olaraq tətbiq edilməsi üçün istifadə ediləcəyi gözlənilir. Bu isə Azərbaycanın elektron idarəçilik sahəsində əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə əlaqədardır ki, bu sahədə bir neçə layihə BMT-nin İnkişaf Proqramının fəal iştirakı ilə həyata keçirilib. Əfqan rəsmiləri Azərbaycanın bu sektorda təcrübəsinə xüsusi maraqlarını Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Amirzai Sanginin keçən il Bakıya səfəri və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ilə görüşləri zamanı vurğulayıblar.