Bakı – APA. Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin (AGHB) sədri dəyişib. Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənc və peşəkar hüquqşünas Fərhad Vəliyev birliyin sədri seçilib.
Həmçinin, qurumun 11 nəfərdən ibarət İdarə Heyəti də seçilib və formalaşdırılıb.
Təşkilatın əvvəlki sədri Elmari Məmişov isə bundan sonrakı fəaliyyətini Azərbaycan Hüquqşünasları Konfederasiyasının tərəfdaşları ilə birgə USAİD-in dəstəyilə icra etdiyi Azərbaycan Hüquqlar Konsersiumu layihəsinin direktoru kimi davam etdirəcək.
Elmari Məmişov Birliyin yeni sədrini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
E. Məmişov F. Vəliyev tərəfindən bu təşkilatın inkişafındakı xidmətlərinə görə diplomla təltif edilib.
F. Vəliyev təşkilatın bundan sonrakı fəaliyyətində də dinamik inkişaf tendensiyasının qorunub-saxlanılacağını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi 1999-cu ilin mart ayının 19-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. AGHB qeyri-hökumət, qeyri-kommersiya, müstəqil gənclər qurumudur.