Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı başlayıb.
APA-nın məlumatına görə, qurultayda bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqlarının, o cümlədən Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələri iştirak edir.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunub. Məktubu qurultay iştirakçılarına Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Məktubda həmkarlar ittifaqlarının əhəmiyyəti vurğulanıb və fəaliyyətinin daha da genişlənməsinin zəruriliyi qeyd olunub.
Sonra AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qurultayda hesabat məruzəsi ilə çıxış edib.
Qurultayın gündəliyinə AHİK-in Təftiş Komissiyasının hesabatı, Konfederasiyasının Nizamnaməsində dəyişikliklər və əlavələr, fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, təşkilati məsələlər daxil edilib.
Sonda isə qurultay iştirakçıları adında prezident İlham Əliyevə müraciət qəbul olunacaq.