Bakı – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası»nı təsdiqləyib.
«APA-Economics»in məlumatına görə, qaydaya əsasən, şəxsə (ailəyə) qulluq və kömək göstərə biləcək qohumlar dedikdə - əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.
Qaydalara görə, özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmaması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə müraciət edilməlidir. Müraciət daxil olduqdan sonra sosial işçi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə (şəxsin valideynləri, özü və övladları barədə) və digər aidiyyəti qurumlara sorğu göndərir. Sorğu göndərilən qurumlarda zəruri məlumatlar olmadıqda, mərkəzlərin, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin, mənzil istismar sahələrinin nümayəndələrinin, çoxmənzilli binaları idarə edən şəxslərin, eləcə də şəxsin qonşularının iştirakı ilə şəxsin qohumları barədə sosial işçi tərəfindən akt tərtib olunur. Mərkəz tərəfindən sosial işçinin hesabatı əsasında özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərə biləcək qohumların olmaması barədə qərar qəbul edilir.