Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin noyabr ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 470,2 min nəfər olub və onlardan 897,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 572,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, muzdla işləyənlərin 23,5%-i təhsildə, 19,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5%-i sənayedə, 9,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,3%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 14,9%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.
Hesabat ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 398,8 manat təşkil edib, yanvar-noyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 9,1% artaraq 391,4 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, informasiya və rabitədə, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.