Bakı – APA. “2013-cü ilin büdcəsində sosial sferaya kifayət qədər böyük vəsait ayrılıb. Əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır. Artıq heç bir şübhə yoxdur ki, bu, uğurla başa çatacaq”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
Dövlət başçısı sosial infrastrukturun - məktəb, xəstəxana, mədəniyyət ocaqlarının, idman komplekslərinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Yetmişdən çox tibb müəssisəsi yenidən tikiləcək, təmir ediləcək. Son on il ərzində 2500-ə yaxın məktəb tikilib və proses hələ də davam edir.
Ölkədə, ümumiyyətlə, 4500-dən bir qədər çox məktəb var ki, onların böyük hissəsi qəzalı vəziyyətdə idi. İndi qəzalı vəziyyətdə olan məktəblərin sayı böyük dərəcədə azalıb. Çalışacağıq ki, bu il ümumiyyətlə, bütün qəzalı vəziyyətdə olan məktəbləri yenidən quraq, təmirə ehtiyacı olan məktəblər də tədricən təmir ediləcək. Bakı şəhərindəki məktəblərə gəldikdə, bu il bütün məktəblərin təmir-tikinti işləri başa çatmalıdır. Bu məsələ daim diqqət, nəzarət altındadır. Bu il Bakıda və gələn illərdə isə bütün bölgələrdə bir dənə də olsun nəinki qəzalı, təmirsiz, yaxşı təmir olunmayan məktəb qalmamalıdır”.