Bunu APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, məlumat bankının yaradılması “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən nəzərdə tutulub. Bu istiqamətdə işin bir hissəsi artıq görülüb.
Nazir müavini qeyd edib ki, ötən il iyunun 20-də Nazirlər Kabinetinin qərarı ilə “Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı Əsasnamə" təsdiq olunub: “Məlumat bankının yaradılması üçün xüsusi proqram təminatının hazırlanması işləri başlanıb. Məlumat bankına daxil edilməsi üçün namizədlərin təqdim olunması ilə əlaqədar aidiyyəti dövlət orqanlarına sorğu və standart anket göndərilib. Bu günə kimi sorğuya əsasən nazirliyə 200-dək namizəd haqqında məlumat daxil olub”.
İ. Babayevin sözlərinə görə, Gənclər və İdman Nazirliyi tərəfindən istedadlı gənclər və gənc alimlər haqqında məlumat bazası da yaradılıb. Yalnız bu baza üçün tələb olunan xüsusi proqram təminatı hazırlanır ki, bu da yaxın vaxtlarda başa çatacaq.