APA-nın məlumatına görə, bu, bir qrup deputatın təşəbbüsü ilə baş tuta bilər.
Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna və zərurət yarandığı halda, Mülki Məcəlləyə müvafiq dəyişiklərin edilməsi gözlənilir. Yəni avtomobil sahibi artıq birtərəfli etibarnamə aktı vasitəsilə yox, sadə ikitərəfli müqavilə ilə əmlakını etibar edə biləcək.
Dəyişikliklər qəbul olunarsa, yeni müxtəlif müddəaların olması da gözlənilir. Dəyişiklik zamanı ola bilər ki, ümumiyyətlə, etibarnamələri heç bir sənəd əvəz etməsin. Məsələn, əgər mülkiyyətçi avtomobilinin oğurlanması və yaxud qaçırılması barədə hüquq-mühafizə orqanlarına məlumat verməyibsə, həmin avtomobil hər hansı başqa bir şəxs tərəfindən idarə olunursa, bu, artıq sahibi tərəfindən ona müvəqqəti verilməsi kimi qəbul olunacaq. Burada yeganə şərt mülkiyyətçinin avtomobili sürücülük vəsiqəsi olana verməsidir. Digər variantlarda isə etibarnamələrin sadələşdirilmiş, polis bölməsində qeydiyyata ehtiyacı olmayan müqavilələrlə əvəz olunması təklif olunur.
Məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxışov APA-ya bildirib ki, hazırkı etibarnamə aktı sistemində həddindən artıq bürokratizm halları müşahidə olunur: “Çünki burada tək etibarnamənin verilməsi yox, onun qeydiyyatdan keçirilməsi də tələb olunur. Məsələn, mən Bakıda Masallı rayonundan olan kiməsə avtomobilimi etibarnamə ilə etibar edirəmsə, o məcburdur ki, əlavə olaraq gedib öz rayonunda polis bölməsində o etibarnaməni qeydiyyatdan keçirsin. Etibarnamələr ləğv olunduqda, təbii ki, bu çətinliklər aradan qalxacaq”.
Təkliflərin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, bu qayda artıq Rusiyada tətbiq olunub.