Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda bələdiyyələr də reproduktiv sağlamlığın qorunmasına cəlb ediləcək. APA-nın məlumatına görə bu, “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanunda nəzərdə tutulur.
Qanunun 3.3.4 hissəsində deyilir ki, bələdiyyələr, qeyri-hökumət təşkilatları, eləcə də digər qurumlar reproduktiv sağlamlığın qorunmasına yönəlmiş layihələrin və tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edə bilərlər. Onların bu sahədəki fəaliyyəti ixtisaslı mütəxəssisləri olduqda və ya belə mütəxəssisləri cəlb etməklə həyata keçirilir. Qanunda o da bildirilir ki, reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir. Qeyd edək ki, uzun zamandır parlamentin Sosial siyasət komitəsinin müzakirə mövzusu olan sənədin bu ilin yaz sessiyasında Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.