Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin akkreditasiyasının nəticələri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının ilk dəfə aparıldığını qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub.
Sonra qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təhsil naziri orta ümumi təhsil müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin fəaliyyətinin “yaxşı”, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fəaliyyətinin isə “kafi” qiymətləndirilməsi və qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.