Bakı - APA-Economics. Ötən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,4% artıb.
DSMF-dən “APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə 1520 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2013-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 13 744 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,21%-ni kişilər, 9,79%-ni isə qadınlar təşkil edir.
Ümumilikdə 96 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (8001 nəfər) üzrə müşahidə olunur. İkinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1587 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 710 nəfərə çatıb. Sonrakı yerlərdə İran (458), Hindistan (299), Çin (286), Böyük Britaniya (196), Özbəkistan (166), Bosniya və Hersoqovina (128), Pakistan (125), Almaniya (116), Ukrayna (113), Filippin (109), İtaliya (94), Türkmənistan (93), Malayziya (89), Qazaxıstan (86), ABŞ (73) və s. ölkələr gəlir.