Bu gün layihə çərçivəsində Bakıda İDEA və UNEP-in birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. Tədbirdə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov və digər qonaqlar iştirak ediblər. Forumu giriş sözü ilə açan UNEP-in regional koordinatoru Vondvozen Asnake Kibret (Wondwosen Asnake Kibret) bildirib ki, yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, «Rio+20» sammitinin yekunu və gənclər təşkilatları arasında daimi əməkdaşlıq haqqında söz açılacaq. O cümlədən 20-dən çox beynəlxalq iştirakçı TUNZA şəbəkəsi vasitəsilə foruma qatılıb.
IDEA Kampaniyasının həyata keçirdiyi beynəlxalq layihələrdən biri olan «Yaşıl həftə» 12-16 noyabr tarixlərində UNEP-lə (BMT-nin Ətraf Mühit üzrə Proqramı) əməkdaşlıq çərçivəsində baş tutacaq. 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA Kampaniyası (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır. IDEA Kampaniyasının həyata keçirdiyi irimiqyaslı layihələr bir sıra beynəlxalq təşkilatların marağına səbəb olur. Bunun nəticəsində IDEA Kampaniyası beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq birgə layihələrə start verir. Beynəlxalq Gənclər Forumu gənclərin «Rio+20» sammitinin qərarlarının icrasına töhfə verəcək bəyanatın qəbul olunması və bu bəyanatın BMT Baş Assambleyasının 67-ci sessiyasının nəzərinə çatdırılması ilə yekunlaşacaq.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, bu gün qloballaşan problemlərin həlli təkcə dövlətlərə, hökumətlərə bağlı deyil. Onun sözlərinə görə, bu məsələdə cəmiyyətin insanların rolu çox böyükdür: “Azərbaycanda ekologiya ilə bağlı çox mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə mövcud problemləri həll etmək və yaxşı nəticələr əldə etmək üçün qabaqcıl mövqe tutmaq vacib şərtdir”.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, “Yaşıl həftə” layihəsi noyabrın 16-dək davam edəcək. Layihə çərçivəsində noyabrın 13-də Avropanın əsas qruplar və səhmdarlarının məsləhətləşmə görüşü, noyabrın 14-də ağacəkmə aksiyası, noyabrın 15-də isə ətraf mühit məsələləri üzrə diplomatik təlim proqramı təşkil olunacaq.