Bakı. Könül Kamilqızı – APA. Hər qış fəsli olduğu kimi bu il də Azərbaycanda mövsümlə əlaqədar soyuqdəymə hallarının sayı çoxalıb. Bunu APA-ya açıqlamasında Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev ölkədə müşahidə olunan qrip epidemiyasına münasibət bildirərkən deyib. O bildirib ki, son günlər ölkə ərazisində daha çox qeydə alınan qrip boğaz və baş ağrıları, o cümlədən temperaturun qalxması ilə müşahidə olunur. N.Əliyevin sözlərinə görə, soyuqdəymə 5-6 gün davam edir: “Sadəcə, bu müddət ərzində insanlar özlərini qorumalıdır ki, xəstəlik daha da artmasın. Beş-altı gün davam edən qripə qarşı müalicə adi qaydada aparılmalı, dərman və çay vasitəsilə qarşısı alınmalıdır. Lakin bu qrip epidemiyası və soyuqdəymə diaqnozu ilə hələ ki instituta müraciət edilməyib”.