Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda bütün təhsil müəssisələrin sənədləşmə prosedurları elektron şəkildə həyata keçiriləcək. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.
O bildirib ki, əgər əvvəllər təhsil müəssisələri tərəfindən bütün sənədlər qovluqlarda gətirilirdisə, artıq bu məsələlər elektron şəkildə həll olunacaq. H.Zərbəliyevin sözlərinə görə, “Elektron hökumət”ə keçəndən sonra təhsil müəssisələri tərəfindən bütün sənədlərin hamısı elektron şəkildə Təhsil Nazirliyinə göndəriləcək və hər biri öz akkreditasiya uğurları barədə tanış ola biləcəklər: “Artıq bunun həyata keçirilməsi üçün başlanan işlər yekunlaşmağa doğru gedir. Müxtəlif müəssisələr proqramlarını Təhsil Nazirliyinə təqdim edir və ilkin sınaqdan keçirilir. Təhsil Nazirliyi tərəfindən ilkin rəy verilir. Burada söhbət təhsil müəssisələri ilə bağlı konstruksiyanın quraşdırılmasından gedir. Bundan sonra bütün təhsil müəssisələrinin sənədləşməsi elektron formada icra olunacaq”.