Bakı. Kəmalə Quliyeva – APA. Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən təhsil sahəsinə aid bir sıra qanunlar hazırlanacaq. APA-nın xəbərinə görə, bunu Komitənin sədr müavini Bəxtiyar Əliyev bildirib.
Onun sözlərinə görə, “Elm siyasəti haqqında” qanun qəbul edildikdən sonra ölkədə elm və təhsilin vəhdəti təmin ediləcək. Bundan sonra “Təhsil haqqında” qanunda nəzərdə tutulan digər törəmə qanunlar - “Ali təhsil haqqında”, “Orta təhsil haqqında” qanun, “Məktəbəqədər təhsil haqqında”, “Orta ixtisas peşə təhsili haqqında” və təhsilin standartları ilə bağlı qanunlar qəbul ediləcək: “Artıq bu qanun layihələri ilə bağlı işçi qruplar yaradılıb. Bu qanun layihələri üzərində iş gedir. “Elm siyasəti haqqında” qanun qüvvəyə mindikdən sonra bu işlər daha da sürətlənəcək”.