APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, yeni qərarla «Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı» və «Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı» yeni redaksiyada təsdiq edilib. Belə ki, gələn il yanvarın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin tərkibində tələbələrə verilən təqaüdün məbləği nəzərə alınmayacaq. Dövlət sifarişi ilə təhsil alan tələbələrin faktiki aylıq təqaüd xərclərinin ödənilməsi dövlət sifarişində iştirak edən ali təhsil müəssisələri tərəfindən hər tədris semestrinin əvvəlində təqaüdün məbləğləri barədə Təhsil Nazirliyinə təqdim edilmiş məlumatlar və hesablamalar əsasında həyata keçiriləcək.
Qərara əsasən, Maliyyə Nazirliyi nəzərdə tutulmuş təqaüd xərclərinin ödənilməsi məqsədilə tələb olunan vəsaitin Təhsil Nazirliyinə ödənilməsini təmin etməlidir. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödəniləcək.