Bakı. Azər Məmmədli – APA. Azərbaycanda ünvanlar ötən il qəbul edilən ünvanvermə qaydaları ilə bağlı yeni konsepsiya əsasında aparılacaq.
Bu barədə APA-nın qərb bürosuna Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz əmlakın kadastrı və texniki inventarlaşma mərkəzinin direktoru Ramiz Quliyev məlumat verib.
Onun sözlərinə görə, bundan əvvəl köhnə qaydalara əsasən bir binaya bir ünvan verilirdisə, indi binanın bir neçə girişi varsa, həmin girişlərin açıldığı küçələrdən binalara ünvanlar veriləcək.
R.Quliyev qeyd edib ki, yeni ünvan lövhələri ilə bağlı artıq dizayn işləri yekunlaşıb və bu dizayn Azərbaycan hökuməti tərəfindən bəyənilib: “Ünvan lövhələrinin istehsalı ilə bağlı Cənubi Koreyanın “SG” şirkəti ilə söhbətlər aparılır. İlkin mərhələdə həmin lövhələr Cənubi Koreyada, daha sonra isə Azərbaycanda hazırlanacaq. Lövhələr ekoloji təmiz məhsuldan olmaqla 10 il zəmanətlə hazırlanacaq”.