Bakı. Könül Kamilqızı – APA. Təhsil Problemləri İnstitutu Azərbaycanda fəaliyyət göstərən müəllimlərin fəaliyyətlərinin yenidən yoxlanılmasını təklif edir. Bunu APA-ya açıqlamasında Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov deyib. O bildirib ki, uzun müddətdir çalışan müəllimlər müsabiqədən keçirilməli və işə yenidən təyin olunmalıdır: “Amma təəssüflər olsun ki, müəllimin müsabiqədən keçirilməsi, yenidən müəllimlik fəaliyyətinə başlaması ilə bağlı müəyyən işlər ciddi şəkildə qarşıya məqsəd olaraq qoyulmayıb. Müəllimin fəaliyyətini dayandırmaq üçün bizim əlimizdə elə bir göstəriş və digər hüquqlar yoxdur. Müəllim dərsi təşkil edə bilmirsə, dərs müddətində kənara çıxırsa, müxtəlif neqativ hallar baş verir. Məktəbin direktoru birinci növbədə müəllim kollektivini özü idarə etməlidir. Müəllimin fəaliyyətinin keyfiyyəti və səmərəliliyi haqqında özünün fikri olmalıdır. Əgər müəllimin neqativ hərəkətləri təkrarlanırsa, onun işdən azad olunması ilə bağlı qərar qəbul edə bilər. Məktəbin rəhbərliyi tərəfindən dərs ilinin sonunda monitorinq aparılmalı, nəticələr Təhsil Şurasında geniş müzakirə olunmalı və sonda qiymət verilməlidir. Təəssüflər olsun ki, bir çox məktəblərdə bu işlər yerinə yetirilmir”.
A.Mehrabov bəzi məktəblərdə müəllimlərin şagirdləri döyməsi faktlarına münasibət bildirib. A.Mehrabovun sözlərinə görə, burada ən böyük günah müəllimlərdədir: “Müəllim tədris prosesini qura bilmirsə, onu da dərsdə incidəcəklər. Müəllimin səviyyəsi, hadisəyə münasibəti müasir tələblərə cavab vermədiyi üçün uşaqlar dərsə qulaq asmır. Müəllimin əsas funksiyalarından biri tədris prosesini təşkil etmək, dərsin səviyyəsinə, sinfin təşkilinə qoyulan müasir tələblərə cavab verməkdir. Əgər müəllim müasir tələbləri, dərsin təşkilini bacarmırsa, dərs maraqlı olmayacaq və uşaq da müxtəlif məsələlərdə fikrini bildirəcək, səs salacaq. Müəllim dərsin təşkilinə cavabdehlik daşımalıdır”.