Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.
RSMX tərəfindən seysmogeokimyəvi və seysmik sahələrin çoxillik monitorinqi nəticəsində ilk dəfə olaraq Şamaxı-İsmayıllı seysmogen zonasında geokimyəvi parametrlərin kombinasiyaları əsasında mikrobloklar müəyyən olunub və zəlzələ qabağı zaman təyin edilib.
Bu tədqiqatların məqsədi Azərbaycanın seysmoaktiv zonalardakı zəlzələ
ocaqlarında flüidlərin (yeraltı sular, Xəzər dənizin suyu, həllolunmuş
qazlar, radioaktiv elementlərin şüalanması) seysmogeokimyəvi sahələrə təsirinin
öyrənilməsidir. Stasionar işlər respublikanın Abşeron, Şamaxı, Şəki, Siyəzən, Lənkəran
rayonlarında yerləşən 5 seysmogeokimyəvi stansiyada aparılıb.
Ötən il mayın 7-də baş verən Zaqatala zəlzələsi və onun afterşokları əsas seysmik hadisə olub. "Azərbaycan flüidlərinin seysmogeokimyəvi monitorinqinin
və Xəzər dəniz suyunun Məlumat bazası"nın təhlili göstərib ki, seysmogeokimyəvi sahənin anomal dəyişiklikləri Zaqatala zəlzələsinin əsas təkanından 1-14 gün öncə zəlzələ episentrindən 75-400 km məsafədə demək olar ki, bütün müşahidə
obyektlərində qeydə alınıb. Zaqatala zəlzələsinin hazırlıq dövründə
zəlzələ ocağına daha yaxın olan obyektlərdə seysmogeokimyəvi anomaliyalar daha tez
qeydə alınıb. Zəif afterşokların hazırlıq mərhələsində bu anomaliyalar sıxlıq amplitudalarına görə fərqlənir.
İlk dəfə olaraq 1998-2012-ci il müddəti üçün flüidlərin monitorinqi əsasında aşkar olunub ki, Şamaxı və İsmayıllı seysmogen zonalarında flüidlərin seysmogeokimyəvi
anomaliyaları zəlzələlərin son hazırlıq mərhələsində, əsas təkanın baş verəcəyinə
7-12 gün qalmış müşahidə olunur. Monitorinqin bütün müşahidə obyektləri üçün sulfat-ion (SO4) Şamaxı və İsmayıllı seysmogen zonalarında baş verən zəlzələlərin
indikator-xəbərvericisidir.