Bank Of Baku

Azərbaycandakı ali təhsil müəssisələrində 46 ölkənin 4 441 vətəndaşı təhsil alır

Azərbaycandakı ali təhsil müəssisələrində 46 ölkənin 4 441 vətəndaşı təhsil alır
# 21 yanvar 2013 11:01 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda 15 və yuxarı yaşda olan əhalinin hər 1 000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvarın 1-nə ölkədə fəaliyyət göstərən 1 629 dövlət və 37 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 115 min uşaq və ya 1-5 yaşlı uşaqların 16%-i tərbiyə alıb. 2012/2013-cü tədris ilinin əvvəlinə ölkənin 4 488 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 mln. şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6 985 uşağın təhsil aldığı 18 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərib: «Son illər ikinci və üçüncü növbələrdə məşğul olan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, şəhər yerlərində yerləşən ümumi təhsil müəssisələrində bu göstərici 20,3%-dən 18,2%-ə, kənd yerlərində isə 17%-dən 14,2%-ə düşüb».


Eyni zamanda, 2012/2013-cü tədris ilinin əvvəlinə şagirdlərin sayı 52 min nəfərdən artıq olan 81 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.


Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 626 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 77 min nəfər şagird təhsil alır. Ötən il əyani ümumi təhsil müəssisələrini bitirən 89 min nəfər məzundan 77 min nəfəri və ya 87%-i tam orta təhsil haqqında attestat alıb.


Ümumiyyətlə, məktəblərin 87,2%-i, o cümlədən şəhər yerlərində 96,2%-i, kənd yerlərində isə 84,1%-i kompüterlərlə təmin olunub. Əvvəlki illə müqayisədə kompüterlərin sayı 3,3 min ədəd və ya 7,8% artaraq, 45,8 minə çatıb. Hazırda hər 28 şagirdə orta hesabla bir kompüter düşür, halbuki 6 il əvvəl 101 şagirdə bir kompüter düşürdü. Cari tədris ilinin əvvəlinə 79,6% şəhər, 35,9% kənd ümumi təhsil müəssisələrinin internetə çıxışı, 28,3% şəhər, 6,1% kənd ümumi təhsil müəssisələrinin isə elektron poçtu olub.


2012/2013-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 55 954 tələbə təhsil alıb, onların 2/3 hissəsini qadınlar təşkil edib.


Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 145 584 nəfər olub ki, onların da 48%-ni qadınlar təşkil edib.


Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 46 xarici ölkənin 4 441 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin, Türkmənistan, Gürcüstan və İraq vətəndaşları üstünlük təşkil edir.


2012/2013-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan tələbələrinin sayı 2 270 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 61%-i Bakı, 39%-i isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR