Bakı. Könül Kamilqızı – APA. “Bu il ərzində Azərbaycanın orta məktəblərində xarici dillərin tədrisi ilə bağlı bəzi yeniliklər ediləcək. Belə ki, növbəti tədris ilindən orta məktəblərin yuxarı siniflərdə alman, italyan və ingilis dili dərsləri daha təkmil formada keçilməyə başlanacaq”. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva deyib.
O bildirib ki, bu proses gələcəkdə xarici universitetlərdə təhsil alacaq tələbələrin hazırlığına sərf olunan bir ilin itirilməsinin qarşısını alacaq. Şöbə müdirinin sözlərinə görə, bu tətbiq edildikdən sonra xarici dilləri bilən bütün məzunlar rahat şəkildə Azərbaycanda imtahan verərək dünyanın müxtəlif ölkələrində təhsil ala biləcəklər: “Bu prosesin nəticəsinin necə olacağını öyrənmək məqsədilə ilk əvvəl pilot layihə şəklində icra olunacaq nəticə uğurlu alınarsa, sonradan bütün respublika üzrə tətbiq olunacaq. Bir sözlə, bu gün xarici dilləri bilən nə qədər çox şagird olsa, gələcəkdə xaricdə bir o qədər mütəxəssis yetişər”.