Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı bəzi yeniliklər edəcək.
Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva APA-ya açıqlamasında deyib ki, ilk növbədə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na bəzi əlavələr ediləcək və azərbaycanlı tələbələrin təhsil alacaqları prioritet ixtisaslar dəyişdiriləcək.
Onun sözlərinə görə, hazırda ölkədə neft sənayesi, kimya mühəndisliyi, təbii elmlər, nanotexnologiya, müasir elmlər, fizika, biologiya, kimyanın müasir sahələri əsas prioritet sahələr hesab olunur: “Prioritetlər isə ən çox lazım olan ixtisasları müəyyən edir. Buna görə də dövlət proqramında göstərilən bəzi ixtisaslar çıxarılaraq bu gün üçün prioritet hesab olunan digər ixtisaslarla əvəz oluna bilər. Bundan əlavə, kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac var. Ölkədə kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanmasına yeganə maneçilik törədən səbəb tələblərin xarici dil bilməməsidir. Ona görə də həm region, həm də Bakıda xarici dil üzrə kursların açılması nəzərdə tutulur. Çünki dil bilmədən xarici ölkədə təhsil almaq olmaz”.
Nazirlik rəsmisi Dövlət Proqramında göstərilən universitetlərin siyahısında dəyişiklik olacağını da vurğulayıb. Onun sözlərinə görə, Təhsil Nazirliyi bir neçə universitetin proqrama əlavə salınması ilə bağlı təklif edib: “Əlaqələr artdıqca bir çox universitetlər əlavə təhsil üçün nazirliyə müraciət edir. Xarici ölkələrin bir neçə universitetləri müraciət edib ki, onları da mövcud proqrama daxil edək. Litva və Macarıstanın 10-a yaxın universiteti və digərlərini də proqrama salmaqla universitetlərin coğrafiyası genişləndiriləcək”.
T.Əliyeva qeyd edib ki, artıq Təhsil Nazirliyi tərəfindən Azərbaycan prezidenti yanında Təhsil üzrə Komissiyasına yeni təkliflər verilib və yaxın zamanlarda onların qəbul olunması gözlənilir.