Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası son günlər ölkədə qış mövsümünə xarakterik olmayan hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, son günlər qış mövsümünə uyğun olmayan hava şəraiti ürək-damar sistemindən əziyyət çəkənlər, xroniki xəstələr, qan təzyiqi olan insanlar üçün əlavə problem yarada bilər. Onun sözlərinə görə, şaxtalı havanın sonradan belə isti hava ilə əvəzlənməsi belə xəstələrə daha çox mənfi təsir edəcək: “Belə havalar ürək-qan damar xəstəlikləri, xroniki xəstəliklərdən əziyyət çəkən insanların vəziyyətində dəyişikliklərə səbəb ola bilər. Çünki dəyişikliyə ən tez və mənfi reaksiyanı onlar verirlər”.
Belə insanların necə qorunmasına gəlincə, Z.Vahidova qeyd edib ki, onlar öz dərman preparatlarından istifadə etməli və müalicələrinə fikir verməlidirlər: “Çünki xroniki xəstələr daima poliklinikalarda müşahidə altında saxlanırlar. Ona görə də onlar vaxtı-vaxtında dərman preparatlarını qəbul etməli və qorunmalıdırlar”.