Bakı. Könül Kamilqızı – APA. Ümumilikdə Bakı şəhəri üzrə 3-4 “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəisi İnam Kərimov deyib. O bildirib ki, “ASAN xidmət” mərkəzində vətəndaşların rahatlığını təmin etmək üçün müvafiq şərait yaradılmalı, şəffaflıq təmin edilməlidir: “Hazırda Bakı şəhərində bu şərtlərə əməl olunacaq binanı tapmaq çətindir, hətta mümkün deyil. Bu ildən etibarən dövlət investisiya proqramı çərçivəsində yeni “ASAN xidmət” mərkəzinin tikilməsinə başlanacaq. Gələn ildən bütün şərtlərə cavab verəcək bina istifadəyə veriləcək”.
İ. Kərimov qeyd edib ki, əsas məqsəd neçə mərkəzin yaradılması yox, “ASAN Xidmət” mərkəzlərinin mümkün qədər əlçatan edilməsidir: “Regional “ASAN Xidmət” mərkəzlərinin sayı daha da artırılacaq. Bir neçə aydan sonra işlər daha da təkmilləşdiriləcək və digər rayonlarda da bu xidmətləri göstərmək mümkün olacaq”.
Gələn ilin iyun ayına kimi Bakı şəhərinin bütün rayonları, Gəncə və Sumqayıt şəhərinin sakinləri də bu xidmətdən yararlana biləcəklər. Yaxın gələcəkdə isə qeydiyyat yerindən asılı olmayaraq bütün respublika üzrə vətəndaşlara bu xidmət göstəriləcək.