Bakı. Könül Kamilqızı – APA. Bakı şəhəri ümumtəhsil məktəblərinin müəllim və şagirdləri arasında Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan “Mən azərbaycanlıyam!” adlı yaradıcılıq müsabiqəsi keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və idarənin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri və VIII – XI sinif şagirdlərini əhatə edir. Müsabiqə konfrans, inşa yazı, bədii qiraət, fərdi internet səhifəsi (veb sayt, bloq), o cümlədən şagird və müəllimlərin slaydları (təqdimatları) layihələri üzrə aparılır.
Qeyd edək ki, müsabiqənin şərtlərinə görə, qaliblərə hər bir nominasiya üzrə 1 (bir) I dərəcəli, 2 (iki) II dərəcəli və 3 (üç) III dərəcəli diplom veriləcək. Birinci yeri tutan iştirakçılar həm də təqaüdə layiq görüləcəklər. Ayrı – ayrı nominasiyalar üzrə diqqəti çəkən digər işlərin müəllifləri həvəsləndirici diplomlarla mükafatlandırılacaqlar. Finalda isə qaliblərin iştirakı ilə bədii hissənin təşkili gözlənilir.