Bank Of Baku

Bakıdakı məktəblərdə vahid məktəbli geyimi ilə bağlı reyd keçirilib

Bakıdakı məktəblərdə vahid məktəbli geyimi ilə bağlı reyd keçirilib
# 21 noyabr 2012 11:56 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli – APA. Vahid məktəbli geyimi barədə qərarın icrası ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və KİV nümayəndələrinin iştirakı ilə paytaxtın Yasamal rayonunda yerləşən bir neçə orta ümumtəhsil məktəbində reyd keçirilib. APA-nın məlumatına görə, Yasamal rayonunda yerləşən 308 və 38 saylı orta məktəblərə baxış keçirilib. Əvvəlcə rayonun Yeni Yasamal qəsəbəsində yerləşən 308 saylı məktəbdə olan idarənin əməkdaşları və mətbuat nümayəndələri ibtidai və yuxarı siniflərdə olaraq şagirdlərin vahid geyimlə bağlı iki il öncə verilən qərara necə riayət etmələri ilə maraqlanıblar. Bununla yanaşı şagirdlərdən vahid geyimin onları qane edib-etməmələri haqda fikirlərini öyrəniblər. Şagirdlər vahid məktəbli geyiminin onları qane etdiyini və ümumi zövqə uyğun olduğunu söyləyiblər. 308 saylı məktəbdə geyimlə bağlı ciddi problemin olmadığının şahidi olan reyd iştirakçılarının diqqətinə məktəbin direktoru Təranə Məmmədova tərəfindən çatdırılıb ki, 2007-ci ildən fəaliyyətə başlayan məktəbdə 1300 şagird təhsil alır. Vahid məktəbli geyimi ilə bağlı problemin həlli məqsədilə daimi valideynlərlə əməkdaşlıq edilir.

 

Rayonun 38 saylı məktəbində isə şagirdlərlə yanaşı müəllimlər də vahid geyimdən istifadə edilir. Məktəbin direktoru Yaşar Əliyev deyib ki, müəllimlərin geyimində nümunəviliyi tətbiq etmək məqsədilə bu qərar qəbul olunub və uğurla da icra olunur.          

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı jurnalistlərə açıqlamasında bildirib ki, iki ildir Bakının təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq olunur. Bu prosesi nəzarətdə saxlamaq üçün hər tədris ilində KİV nümayəndələrinin iştirakı ilə reydlər keçirilir. Onun sözlərinə görə, hər bir şagird bu qərarı icra etməlidir: “Bu prosesə nəzarət mexanizmi olaraq, hər hansı inzibati cəza nəzərdə tutulmayıb. Yəni vahid məktəbli geyimində məktəbə gəlməyən şagirdin dərsdən uzaqlaşdırılması məsələsi yoxdur. Amma idarə məktəb rəhbərlərindən ciddi şəkildə tələb edir ki, bütün şagirdlər məktəbli geyimində dərsə gəlsinlər. Məktəb rəhbərlikləri bunun təminatçısı olmalarını nəzərə almalıdırlar”. Z. Əliqızı qeyd edib ki, ibtidai siniflərdə vahid məktəbli geyiminin tətbiqi tam icra olunub, 7-11-ci siniflərdə isə bununla bağlı müəyyən problemlər mövcuddur: “Hesab edirik ki, bu sadəcə psixoloji problemlərlə bağlıdır. Bilirsiniz ki, yuxarı siniflər uzun illər sərbəst geyimlərdə dərsə gəliblər. Onları birdən-birə vahid məktəbli geyiminə keçirmək çətin prosesdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR