Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, Ərəb filologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransının plenar iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda BDU rektoru Abel Məhərrəmov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə, təhsil naziri Misir Mərdanov, səfirlər, parlament nümayəndələri və elm xadimləri iştirak ediblər.
Plenar iclasda çıxış edən rektor A.Məhərrəmov V.Məmmədəliyevə uzun ömür arzulayaraq bildirib ki, akademiki görkəmli ərəbşünas alim, təlim-tədris təşkilatçısı, ictimai xadim, yaradıcı ziyalı adlandırmaq olar. O qeyd edib ki, V.Məmmədəliyev Azərbaycanda elmi məktəb yaradan görkəmli şəxslərdən biridir: “Vasim müəllimin böyük irsindən gənc alimlər, tələbələr faydalanırlar. Onun yazdığı dərsliklər, dərs vəsaitləri, etdiyi tərcümələr və elmi-publisistik məqalələr hər zaman aktual olub”.
Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov çıxışında V.Məmmədəliyevin həyatı və yaradıcılığı haqqında danışaraq onun Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görüldüyünü, AMEA-nın həqiqi üzvü seçildiyini vurğulayıb.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə V.Məmmədəliyevi “Allahın bizə verdiyi böyük nemət” adlandırıb. O, akademikin fəaliyyətini yüksək qiymətləndirərək, onun yubileyi ilə bağlı QMİ-də xüsusi konfrans keçiriləcəyini diqqətə çatdırıb.
Təhsil naziri Misir Mərdanov isə çıxışında akademiklə 40 ilə yaxın səmimi münasibətdə olduğunu deyib və onun xarakterindəki bir çox müsbət keyfiyyətləri iştirakçıların diqqətinə çatdırıb.
Sonra digər çıxışçılar V.Məmmədəliyev haqqında danışaraq, yubilyarı təbrik ediblər.