Bakı. Könül Kamilqızı – APA Cari ilin noyabr ayında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dərmandan zəhərlənmə ilə bağlı 24 müraciət edilib. Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, dərmandan zəhərlənənlərin 7-8-i uşaqlar, qalanları isə böyüklər olub. A.Maqsudovun sözlərinə görə, zəhərlənmə nəticəsində ciddi fəsadlar və ölüm qeydə alınmayıb:
“Zəhərlənənlərin hər biri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Azyaşlıların zəhərlənməsinə səbəb onların nəzarətsiz qalması və böyüklərin dərman preparatlarını və ya dozadan artıq vitaminlər qəbul etmələridir. Böyüklərin zəhərlənməsinin səbəbi isə onların qaydalara düzgün əməl etməməsidir. Ümumilikdə, cari ilin 6 ayı ərzində 147 dərmandan zəhərlənmə faktı qeydə alınıb. Onlardan da 40-ı uşaq, qalanları isə böyüklər olub. Cari ilin 9 ayının göstəriciləri barədə məlumatlar isə yaxın zamanlarda açıqlanacaq”.