Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda “quş qripi” epidemiyası ilə bağlı vəziyyət sabitdir və bu vəziyyətin qorunması ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilir. Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli ötən gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “quş qripi” epidemiyası ilə bağlı yaydığı xəbərdarlığa münasibət bildirərkən deyib.
O bildirib ki, bununla bağlı Azərbaycana hər hansı bir müraciət və ya xəbərdarlıq daxil olunmayıb. Y.Xanvəlinin sözlərinə görə, ötən il “quş qripi”nə qarşı 4 monitorinq aparılıb və bu il də davam edir: “Aparılan monitorinqlər nəticəsində götürülən müayinələrdə heç bir xəstəlik daşıyıcısı aşkar olunmayıb. Lakin dekabrın sonlarında Baş Dövlət Baytarlıq Müfəttişi ölkədə baytarlıq nəzarətini gücləndirmək və baş verə biləcək quş xəstəliklərinin qarşısını almaq məqsədilə sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, bütün quşçuluq təsərrüfatları qapalı şəraitdə saxlanmalı, küçə və yol kənarlarında özbaşına satışlara yol verilməməlidir. Bundan əlavə, baytarlıq-sanitariya qaydalarına tam əməl olunmalı, təsərrüfatlara kənar adamlar buraxılmamalı, bir sözlə, təsərrüfatların tam sağlam vəziyyətdə saxlanılmasına ciddi əməl olunmalıdır”.
Y.Xanvəli “donuz qripi” ilə bağlı vəziyyətə də aydınlıq gətirib. O bildirib ki, ötən ilin sonları və bu ilin əvvəllərində mütəxəssisləri ölkənin donuzçuluq təsərrüfatlarında olaraq qan nümunələri götürüblər: “Hər bir təsərrüfatdan götürülən qan nümunələri Respublika Qan Laboratoriyasında müayinə olunub və bunların nəticələrində heç bir xəstəlik daşıyıcısı aşkar olunmayıb. A/H1N1 həm insanlar, həm donuzlar, həm də quşlarda baş verə bilən xəstəlikdir. Buna görə də mütəxəssislərə və baytarlıq xidmətinin yerli əməkdaşlarına ciddi tapşırıqlar verilib ki, donuzçuluq təsərrüfatları qapalı şəraitdə saxlanılsın və buna ciddi əməl olunsun”.