Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ildən etibarən müasir ölçmə cihazları alıb. Bunu APA-ya açıqlamasında DƏMX-in rəis müavini Rauf Tağıyev deyib.
Onun sözlərinə görə, yeni cihazlar iş yerlərində səs-küyün, işıqlanmanın, titrəmə, radiasiya dərəcəsinin və əmək fəaliyyəti dövründə təhlükəsizliyə təsir göstərən digər komponentlərin normaya uyğun olub-olmamasını öyrənməyə şərait yaradacaq.
R.Tağıyev bildirib ki, hətta mobil laboratoriyalar alınaraq lazımi avadanlıqlarla təchiz edilib: “Bu və ya digər müəssisədə araşdırma və ya dövlət nəzarəti aparılarkən hadisə yerinə mobil maşınlar vasitəsilə getmək, xüsusi nümunələr götürmək, analiz etmək və yekun rəy vermək çox vacib məsələdir. Bu vaxta kimi müəyyən avadanlıqlar olmadığı üçün əmək şəraitinin standartlara uyğun olub-olmamasını müəyyənləşdirə bilmirdik. Amma bundan sonra mövcud vəziyyət müəyyənləşdiriləcək və problemlərin qarşısı vaxtında alınacaq”.
R.Tağıyev əlavə edib ki, cari ilin müvafiq dövrü ərzində 105 672 sahibkarlıq subyektində dövlət nəzarəti həyata keçirilib. Onun sözlərinə görə, bu nəzarət zamanı 14 806 əmək qanunvericiliyinin pozulması halı aşkarlanıb: “Bununla əlaqədar müvafiq tədbirlər görülüb, nəticədə işçilərə ödənilməsi gecikdirilmiş 196 645 manat vəsaitin ödənilməsi təmin edilib. Bunlardan 62 min manatı əmək haqqı borcunun ödənilməsi, 72 min manatdan çoxu zərərə görə ödənc, 22 mindən çoxu isə sosial müavinət və kompensasiyalarla bağlı olub. İşdən qeyri-qanuni azad olunan 107 vətəndaş isə yenidən işlərinə bərpa olunublar. Aşkar olunan əmək qanunvericiliyinin pozulması halları ilə əlaqədar işəgötürənlərə məcmu halında 350 800 manat cərimə tətbiq olunub”.