Bakı. Könül Kamilqızı - APA. “İnzibati Xətalar Məcəlləsinə əsasən təhsil müəssisəsində təhsil alan uşaqlara qarşı hansısa zorakılıq əməllərinin törədilməsinə görə təhsil verən müəllimlər inzibati məsuliyyətə cəlb olunurlar. Bu baxımdan məktəblərdə zorakılıq halları olarsa, ona qarşı ciddi tədbir görülməlidir”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova son günlər məktəblərdə şagirdlərin döyülməsi məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Təhsil Nazirliyi tərəfindən buna qarşı müvafiq işlər görür. Amma belə halların nə səbəbdən baş verməsinə gəlincə, T.İbrahimova qeyd edib ki, uşaqlara qarşı belə zorakılığın tətbiq edilməsinə Azərbaycanda uşağın tərbiyəsi üsulu kimi yanaşılır.
“Ümumiyyətlə, cəmiyyətdə uşağın tərbiyə edilməsi məsələsinə bir qədər tolerant yanaşma var. Bütün hallarda problem ailədən gəlir. Əgər ailədə uşaqlara qarşı zorakılıq tətbiq olunursa, valideyn tərbiyə üsullarını düzgün seçmirsə, bu hallar sonradan pis nəticələnəcək. Uşaqlar ailədə zorakılığa məruz qalırsa, sonradan məktəbdə və ya cəmiyyətdə belə hallarla qarşılaşdıqda, onlara normal münasibət bəsləyir. Bu baxımdan valideynlər ailədə zorakılıq hallarına qarşı mübarizəni gücləndirməlidir. Hazırda cismani cəzanın tətbiqi bir stereotip kimi formalaşıb ki, bu da bir tərbiyə üsuludur. Lakin bununla mübarizə tədbirlərini gücləndirmək lazımdır”, - deyə komitə rəsmisi əlavə edib.