Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasının gedişi ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin tədris işləri üzrə prorektoru Malik Cəbrayılov bildirib ki, ADPU-da 2005-ci ildə imtahan prosesində insan faktoru aradan qaldırılıb. Hazırda Universitetdə böyük test bankı yaradılıb. Bu test bankında hər fənn üzrə üzərində işlənilmiş 700 test var. Həmin testlərin cavabları da tələbələrə verilir. Burada məqsəd tələbələri imtahan suallarının cavablarını oxumağa məcbur etməkdir.
M. Cəbrayılov deyib ki, Azərbaycanda kompüter texnologiyalarını imtahanlarda tətbiq edən ilk ali məktəb ADPU olub. İmtahanın nəticələri həmin gün elan olunaraq dekanlıqlara göndərilir. Universitetdə hətta dövlət imtahanları da kompüter texnologiyaları vasitəsilə keçirilir.
Prorektor deyib ki, hər fakültədə ixtisas müəllimlərinin daxil olduğu münaqişə komissiyası, bütün universitet üzrə isə imtahan qərargahı fəaliyyət göstərir.