Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Məmmədov iki ölkə arasında müqavilə-hüquq bazasına malik əməkdaşlığın müxtəlif, o cümlədən ədliyyə sahəsində dinamik inkişafından məmnunluğunu ifadə edib. O, Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə son illər 170-ə yaxın hakimliyə namizədin Türkiyədə yarım aylıq nəzəri və praktik təlim keçdiyini xatırladıb.
Səfir isə çıxışında Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri, habelə innovativ və şəffaf xidmətlərin tətbiqini alqışlayıb, xüsusilə ötən ay fəaliyyətə başlamış “ASAN xidmət”i maraqlı qabaqcıl təcrübə kimi qiymətləndirib. O, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasındakı səmərəli hüquqi əməkdaşlığı daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.