Bakı. Mübariz Aslanov - APA. “Videogörüntüsü yayılan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevin səlahiyyətlərinə dərhal xitam verilməsi o deməkdir ki, Azərbaycanın məhkəmə-hüquq sistemində ciddi nizam-intizam var”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Məhkəmə-Hüquq Şurasının və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü Əli Hüseynli bildirib.
O qeyd edib ki, Şuraya Prokurorluqdan bununla bağlı məlumat daxil olan kimi dərhal araşdırılıb, intizam icraatı başlanıb və hakimin səlahiyyətinə xitam verilib: “Başqa ölkələrdə də hakimlər, dövlət orqanı işçiləri barədə də videogörüntülər yayılır, amma ona heç reaksiya da vermirlə. Biz də isə bu məsələlər adekvat addım atıldı”.
Komitə sədri deyib ki, Azərbaycanda istər millət vəkili, istərsə də hakimlə əlaqədar olaraq hansısa bir etik davranış qaydasını pozan, qanunvericiliyi və hüquqi sənədlərdə öz əksini tapmış pozuntular görünəndə dərhal ona qarşı adekvat addımlar atılır və bu? gələcəkdə də müşahidə olunduğu təqdirdə? eyni addımlar atılacaq.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının 14 yanvar tarixli qərarı ilə A.Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib.
Bir müddət əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən video material yayıb. E.Abdullayev müraciətində qeyd edib ki, qardaşı Mahir Abdullayevin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Hacı Ağababa Fərman oğlu ilə söhbət edib.
E. Abdullayev bildirib ki, o söhbəti gizli lentə alıb. Bu video və audio yazıları Respublika Prokurorluğunda yaradılmış istintaq komissiyasına da təqdim edib. Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir.